Fevral 22, 2022

Sözünün adamı

Sizə istənilən rəsmi qüvvəyə malik müqavilədən çox öz sözünü üstün tutan bir insan haqqında hekayə danışmaq istərdim.

Söhbət 70-80-ci illərdə kafe sahibi kimi başlayan adamdan gedir. Halbuki, hazırda o Nizami küçəsində yerləşən bir neçə böyük kommersiya obyektlərinin sahibidir. Onun kafesi o vaxtlar pivəxana kimi fəaliyyət göstərirdi. Təkcə pivə və kolbasa satırdılar. Ora tələbələrin toplaşdığı bir məkan idi və səhv etmirəmsə, adı əvvəllər “Sarin” idi. Bu nöqtəyə daha sonra bir daha qayıdacağıq.

Hekayəni sizə danışa bilməyim üçün 2012-ci ilə qayıtmalıyıq. O vaxt mən yerli içki şirkətində böyük bir bölmənin satış meneceri kimi işləyirdim və cəmi 21 yaşım var idi. Ofisimizin yerləşdiyi anbarda 18 aya yaxın işlədikdən sonra mən keçmiş müdirimə investisiya ideyaları verməyə başladım. Həmin ideyalardan biri də istehlak elektronikası brendi haqqında idi.

Brend Sharp Electronics adlanırdı. İnvestoruma dedim ki, “Sharp Electronics” in Azərbaycanda rəsmi nümayəndəsi və ya distribütoru yoxdur. Bundan əlavə, mən ondan soruşdum ki, əgər mən Sharp-ın məişət elektronikası məhsullarını rəsmi diler kimi imzalasam və brendin ölkə üzrə rəsmi distribyutoru olaraq məhsulların paylanması ilə məşğul olsam, o buna sərmayə qoyardımı? O bu təklifimə razılıq verdi.  

Bir neçə həftədən sonra özümü Dubaya uçan təyyarədə tapdım. “Sharp”ın yerli ofisi ilə görüşməli idim. Brendə sadiqliyimizi təmin etmək üçün onlar mənə iki şərtlə razılıq verdilər. Mən böyük mağaza ilə başlamalı idim və satış sayını elə birinci ildən artırmalı idim.

Mən qarşılaşmalı olduğum çətinliklərin fərqində idim və bilirdim ki, Sharp-ın nümayəndələri və investorum mənə dəstək olacaqlar. Növbəti addım biznes planı hazırlamaq və ilk mağazamızın yerini təyin etmək idi. Çalışıb-çabaladığım həmin bu zamanda isə şirkətin adını ATL Electronics qoydum.

Beləliklə, mən maklerimə sorğu göndərdim ki, mənə şəhərin mərkəzində təxminən 600-1000 kvadrat metrlik icarə yeri tapsın. O bir aylıq axtarışdan sonra Nizami kinoteatrının düz yanından bir yer tapdı. Məkanın icarəsi 30.000 AZN, kvadrat metri isə təqribən 800 m² idi. Həmin vaxt məkanın kirayəçiləri Adidas idi və məkan növbəti aydan boşalacaqdı.

Potensial yerə uyğun olaraq hər şeyi götür-qoy etdik və qərara gəldik ki, məkanın sahibinə təklifimizi verək. Maklerimdən görüş təşkil etməyini xahiş etdim. Hekayənin maraqlı hissəsi tam bu zamandan başlayır.

Hekayəmin qəhrəmanı ilə qaranlıq bir qış axşamı görüşməyə getdim. Onun necə bir insan olduğunu, şəxsi həyatı haqqında danışmağı sevmədiyini  bildiyim üçün adını açıqlamamağı seçdim. Buna görə gəlin ona “Abbas müəllim” deyək.

Mən müqavilənin şərtlərini və təfərrüatlarını müzakirə etmək üçün “Abbas müəllim”-in ofisinə getdim. Məkan çox saylı böyük taxta mebellər və boş rəflərlə bəzədilmiş köhnə bir ofis idi. Qarşısındakı stolun üstündə təkcə “təsbeh” və armudi stəkanda çay var idi. O, 50 yaşının sonlarında olsa da, gənc görünürdü. O məni yuxarıdan aşağı süzdü, əlimi sıxaraq oturmağımı istədi. Otağda ağır bir aura var idi. Köməkçisi və mənim maklerim onunla danışarkən çox ehtiyatlı davranırdılar. Düz oturduqlarından və “Abbas müəllim”-in sözünü kəsmədiklərindən əmin olmaq istəyirdilər. O mehriban, lakin əzmkar bir insana oxşayırdı.

Maklerim məni təqdim etdi və “Abbas müəllim” mənə biznesimlə bağlı bir neçə sual verməyə başladı. Biznes planımız ona maraqlı idi, amma söhbəti çox da uzatmaq istəmirdi. Söhbət zamanı o dedi ki, övladları və nəvələri var. Buna görə də onların yanına getməyə tələsirmiş kimi görünürdü. Mən onun üçün sadəcə növbəti bir kirayəçi və növbəti bir müqavilə idim.

Söhbətimizdən bir hissəni təqdim edirəm:

Abbas müəllim: Qiymətdən xəbəriniz var?

Mən: Bəli

Abbas müəllim: Bilirsiniz ki, qiymət müzakirə olunmuyacaq?

Mən: Bəli

Abbas müəllim: Məkanı nə qədər müddətlik kirayə götürəcəksiniz?

Mən: İki illik.

Abbas müəllim: Əgər mənim əsas qaydalarımla razılaşırsınızsa, o zaman bu barədə Adidas-a məlumat verəcəyəm

Mən: Zəhmət olmasa ətraflı izah edin (xatırladım ki, 20 yaşımın əvvəllərimdəyəm)

Abbas müəllim: Əgər biz iki illik razılaşırıqsa, bu o deməkdir ki, iki illik razılaşırıq. Başqa cür ola da bilməz. Əgər hər-hansı bir səbədən siz tez çıxmaq qərarına gəlsəniz, mənə razılaşdırılmış müddət üçün qalan məbləği ödəyəcəksiniz və əgər hər-hansı bir səbəbdən mən sizdən obyekti boşaltmağı xahiş etsəm, həmin icarə müddətinin qalan məbləğini özüm sizə ödəyəcəyəm. Bu birinci qaydadır. İkinci qayda odur ki, mən rəsmi müqavilələrə əhəmiyyət vermirəm – bu hüquqşünasların işidir. Mən sözümün adamıyam və eyni prinsipə malik insanlarla işləməyi sevirəm. Əgər biz bu gün əl sıxışsaq, bu o deməkdir ki, müqaviləmiz artıq hazırdır.

Bu, tərləməyə başladığım an idi. O, bu iddialı çıxışı ilə məni çətin vəziyyətə saldı. Bununla belə, özümə, komandama və həmin görüşdən əvvəl bağladığım sövdələşmələrə güvənirdim. Bundan əlavə, başa düşdüm ki, bu adam zarafat etmir və ona bildirmək istədim ki, elə mən də zarafatlaşmağa gəlməmişəm.

Mən: Razıyam, gəlin davam edək “Abbas müəllim”

Atam həmişə mənə deyib ki, sözünün arxasında dur və əmin ol ki, heç kimin yanında utanıb başını aşağı salmayacaqsan. Sözünə sadiq ol. O mənim üçün bu sözlərin canlı nümunəsi idi. Həmin gün eyni həyat prinsipi ilə yaşayan başqa bir insanla qarşılaşacağımı gözləmirdim.

Abbas müəllim ilə ilk dəfə görüşməyimə baxmayaraq, biz razılıq əlaməti olaraq əl sıxışdıq. İkinci dəfə onunla mağazanın açılışında görüşdük. Üçüncü görüşümüz isə, dörd ildən sonra müqaviləni sonlandırmalı olduğumuz zaman idi. Bizim bu dörd il ərzində heç vaxt ünsiyyətimiz olmadı: o, öz sözünü tutdu, mən də öz sözümü tutdum. O heç vaxt mənə problem yaratmadı və ya qiyməti yenidən müzakirə etməyə çalışmadı. Mən qiymət haqqında danışmaq istədikdə isə, o həqiqətən də mənə endirim etdi. Bu, valyutanın devalvasiyası dövründə idi. Onun işçiləri həmişə bizə kömək edird və çox dəstək olurdular.

Mən bu insanı sırf sözünə çox sadiq olduğu üçün sevirəm. O nəinki sözünün üstündə durdu, hətta “sözüm mənim öhdəliyimdir, əl sıxışmaqla sövdələşmələr edəcəm, rəsmi müqaviləyə əhəmiyyət verməyəcəyəm” deyirdi. Onu maraqlandıran yeganə şey, işlədiyi insanların keyfiyyəti və o insanlarda təcəssüm edən düzgünlük idi.

O insan mənim biznes səyahətimin bir parçası idi və cəmi üç dəfə görüşməyimizə baxmayaraq, mənə çox şey öyrətdi. O, sözünün arxasında olmaq ifadəsini əməldə də göstərdi. Əl sıxışma ilə bağladığımız bu müqavilə həyatımda yeni bir fəsil başlatdı. Bülbül küçəsində açdığımız mağazadan başlayan bu şirkət növbəti 8 ildə 107 milyon manat gəlir əldə etdi. Bundan əlavə, biz daha 5 mağaza açaraq mallarımızı ölkə daxilində yaymağa başladıq. Azərbaycanın hər böyük regionunda distribütorlarımız var idi.

Bu hekayədə ən heyrətamiz şey isə maraqlı bir faktdır. Başlanğıcda haqqında danışdığım o kafe yadınızdadır? Həmin kafe keçmişdə bizim mağazanın yerində yerləşirdi! Sarin kafesi kimi başlayan məkan sonradan həm Adidas, Sharp electronics və hal-hazırda Bravo hipermarketinin filiallarından biri kimi xidmət göstərir. Həmin məkan həm Abbas müəllim, həm də mənim üçün səyahətlərimizin başlanğıc nöqtəsi oldu. ATL Electronics sayəsində mən aşağıdakı şirkətlərim və biznes təşəbbüslərim üçün investisiyaları maliyyələşdirə bildim. Bir müddətdən sonra mən ATL Electronics-dən kredit götürdüm və bununla biz indi multimilyon dollarlıq şirkət olan ATL Tech-in banisini qoyduq. Kreditin məbləği 175 000 manat idi. ATL Electronics-ə qoyulan ilkin sərmayə təxminən 1,6 milyon ABŞ dolları idi və bu məbləğ 23 ay içində artıq geri qaytarılmışdı.

Sonda isə maraqlı bir hekayə ilə bitirmək istərdim. Biz Adidas tərəfindən quraşdırılmış tavanı sökəndə xəzinə tapmışdıq. Bu xəzinə ilkin dizaynlar, naxışlar və orijinal memarlığın elementləri idi.  Tavanı bərpa etdik. Bunların əksəriyyətini markamız ilə uyğunlaşdırdıq. Abbas müəllim mağazaya gələndə ikinci mərtəbədə etdiyimiz qurğunu ona göstərdim. Tavanın bir hissəsini 2 metr diametrli şüşə ilə örtmüşdük. Bu da özlüyündə orijinal memarlığın nümayişi kimi görünürdü. Abbas müəllim 20 ildən çox müddətdə görmədiyi dizayn naxışına bir daha baxdı. Biz orada olduğumuz müddətdə binanın mirasına hörmət əlaməti olaraq o məbədi saxladıq. Mən demək olar ki, hər gün oranın qarşısından keçirəm və hər dəfə içəriyə nəzər salanda, “Abbas müəllim” üçün o şüşə tavan nə qədər məna kəsb edirsə, o qapılar da mənim üçün o qədər məna kəsb etdiyini başa düşürəm. 

 

Yeni layihə ideyanız var? Gəlin, müzakirə edək!